"İnsanlara yardım adından istifadə edib dövlətə qarşı çağırış etmək yolverilməzdir" (RƏY)

"Fərdi vətəndaşlara özəl şirkətlər tərəfindən yardım edilməsi artıq kütləvi hal alıb. Bununla belə, sosial şəbəkələrdə ara-sıra ayrı-ayrı şəxslər bundan sui-istifadə edərək öz ətrafında şöhrət arealı yaratmağa çalışması da hiss olunur. Əgər onların niyyəti sadəcə olaraq yardım etmək olsaydı, bunu başa düşmək olardı, əksinə təşəkkür edərdik. Amma onları maraqlandıran kiminsə probleminin həlli deyil, vəziyyəti qızışdırmaq, cəmiyyətlə hakimiyyət arasında bir uçurum yaratmaq cəhdidir".

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə hamının birlik nümayiş etdirməsini tələb edir:

"Cənab Prezidentin ”Biz birlikdə güclüyük” şüarı bu gün Azərbaycanda öz əksini tapır. Dövlət tərəfindən cəmiyyətin böyük bir hissəsinə sosial dəstək verilməsi, eyni zamanda sahibkarlığa dəstək verilməsini görürük. Bu gün yerli icra hakimiyyətləri, ayrı-ayrı dövlət strukturları cənab Prezidentin tapşırıqlarını yerinə yetirərək xalqla təmasdadırlar, onların problemlərinin həlli ilə bağlı işlər görürlər. Bu situasiyada kiminsə bir problemini qeyri-qanuni yolla həll etməyə çalışmaq yolverilməzdir. İstənilən məsələ hüquq müstəvisində, eyni zamanda gərginlik yaradılmadan həll edilməlidir. Əgər kimsə kiminsə, doğrudan da, problemini həll etmək istəyirsə, mənə elə gəlir ki, ilk növbədə, qanunvericiliyə hörmət etməlidir. Bundan istifadə edib dövlətə və dövlət strukturlarına qarşı çağırışlar etmək yolverilməzdir. Mən belələrini bu gün bu addımları atmaqdan çəkindirməyə çalışıram".

Deputat bildirib ki, bu günlərdə insanların birlik nümayiş etdirməsi təqdirəlayiqdir:



"Cəmiyyətimiz, xalqımız müdrik xalqdır və xalqımız həqiqi xeyirxahlarla bu gün özünü şöhrətə mindirməyə çalışan və süni reytinq qazanmaq istəyənlərin fərqini çox yaxşı bilirlər. Bugünlərdə xeyirxahlıq edən insanlara, özəl şirkətlərə öz təşəkkürümüzü bildiririk. Öz imkanlarının bir hissəsini ehtiyacı olan insanlara dəstəyə yönəltməsinə görə onlara minnətdarlığımızı bildiririk. Amma bununla belə elələri də tapılır ki, çox təəssüflər olsun ki, iğtişaşa meyillənirlər. Bu, yolverilməzdir və cəmiyyətimiz tərəfindən pislənir. Mən xeyli sayda insanlar tanıyıram ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etməklə yanaşı, həm də fərdi imkansız ailələrə öz yardımlarını edirlər. Bu da bir-birimizə söykənərək bugünkü çətin vəziyyətdən çıxmaq deməkdir. Dövlətimizin və cənab Prezidentin apardığı siyasət nəticəsində bu çətinlik uzun çəkməyəcək və biz koronavirusa qalib gələcəyik. Yenidən normal həyata qayıdacağıq və orada cənab Prezidentin əhaliyə, sahibkarlara ciddi dəstəyinin yeni bir mərhələsinin olduğunu görəcəyik".